Kəlbəcəri məişət tullantıları ilə zibilləməyək!

Böyük Qayıdışa dair I Dövlət Proqramı tədbirlər planında əks olunan fəaliyyətlər üzrə icra edilir. İşğaldan azad edilmiş rayonlarımıza əhalinin köçürülməsi və bu ərazilərdə müxtəlif təyinatlı fermer təsərrüffatları, sənaye müəsssisələri fəaliyyətə başlaqdıqca, bölgəyə gediş-gəliş çoxaldıqca bu ərazilərin məişət və sənaye tulllantıları ilə çirklənməsi problemi də istər-istəməz meydana gəlməyə başlayır. Məsələn, ölkəmizin ərazicə ən böyük rayonu olan Kəlbəcərdə məişət tullantılarının kor-koranə haraya gəldi atılması hallarına rast gəlinir. Sellafon torbaların, şüşə və plastik su maye qablarının və digər tullantıların çay kənarlarına, meşə ətrafına atılması və nəticədə ərazinin zibillənməsi müşahidə edilir. Nəticədə bu füsunkar ərazilərdə həm xoşagəlməz mənzərələr yarananır, həm də canlı təbiətə ziyan dəyir, yanğın təhlükəsi kimi ətraf mühit və təbiət üçün ciddi təhdidlər yaranır.      

Bu cür halların yaşanmaması üçün ilk növbədə bölgədə yaşayan əhali, hər bir sakin, eləcə də təsərrüfat və sənaye fəaliyyəti, mövsümi işlərlə məşğul olan insanlar məişət tullantılarını haraya gəldi atmamalıdırlar. Hər kəs düşünməlidir ki, bu gün özünün yaşadığı, sabah qohumunun, kəndçisinin gəlib yaşayacağı bu kəndlərin, bu rayonun təmiz saxlanması, ətraf mühitin təmizliyini öncə bir vətəndaş kimi, sakin kimi o qorumalıdır. Ətfaf mühitə, təbiətə ziyan vuran insanlara qarşı ictimai qınaq metodundan istifadə edilməlidir. Bütün bunlar nəticə vermədiyi halda dövlətin qanunları qarşısında cavabdehlik məsələsi gündəmə gələcək. İstehsalat və məişət tullantıları haqqında qanunvericiliyin pozulması, sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi, məişət tullantılarının xüsusi tutumlardan kənar yerlərə atılması qanunvericilikdə inzibati məsuliyyət yaradır. 

Sənaye və məişət tullantılarının qalaqlanması  qaydalarının və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinin pozulmasına görə, fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. 

Qanunvericiliyə görə, şəhər və digər yaşayış məntəqələri, meşə-park, kurort, müalicə-sağlamlıq, turizm və rekreasiya zonalarının ərazisində, su mənbələrinin və mineral bulaqların sanitar mühafizə zonalarında, çatlı süxurların və sulu təbəqələrin səthə çıxdığı yerlərdə, yaxud içməli su təchizatı və təsərrüfat-məişət ehtiyacları üçün istifadə olunan yeraltı su obyektlərinin sututar sahələrində və ya faydalı qazıntı yataqlarının olduğu yerlərin çirklənməsinə, yaxud yeraltı işlərin aparılmasına təhlükə yarandığı hallarda faydalı qazıntı laylarının olduğu və yeraltı işlərin aparıldığı yerlərdə tullantıların basdırılmasına görə fiziki şəxslər yeddi yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. 

Həmçinin torpaqların (meşə fondu torpaqlarının) istehsalat və məişət tullantıları ilə zibilləndirilməsinə və ya kimyəvi, çirkab suları ilə çirkləndirilməsinə, yaxud bakterial-parazitik və zərərli karantin orqanizmləri ilə yoluxdurulmasına görə fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir.

Rayonun ən böyük kəndlərindən olan Başlıbelin sakinləri ilə ətraf mühitin, təbiətin məişət tullantıları ilə çirkləndirilməsinin qarşısının alınması mövzusunda söhbətlərimizdə maraqlı ideyalar və təkliflər oldu. Birincisi, tulantıları atmaq üçün xüsusi şəraitli ərazilərin-poliqonların yaradılması məsələsinin vacibliyi önə çəkilir. Eyni zamanda sakinlər məsələn, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin paytaxtda və bir sıra başqa şəhərlərimizdə “Təmiz ölkəm” devizi ilə hər həftə sonu həyata keçirdiyi maarifləndirici təmizlik aksiyaları kimi aksiyaların işğaldan azad edilmiş bölgələrdə də tətbiq edilməsinin ətraf mühitin çirkləndirilməsinin qarşısının alınması və ya azalması sarıdan əhəmiyyətli ola biləcəyini düşünürlər.  

Ən müxtəlif sosial çarxlarla, canlı görüşlərlə hər kəsi öz məişət tullantılarını yalnız xüsusi müəyyən edilmiş yerlərə atmağa, ətrafa yayılmış tullantıları toplamağa təşviq etmək zəruridir. Evimiz kimi ölkəmizin də hər bucağı tərtəmiz olması hər birimizin məsuliyyətidir və təmizlik aksiyalarında iştirak etmək, örnək göstərmək vətəndaşlıq borcumuzdur. Çünki, cəmiyyəti narahat edən məsələlərdən biri də xüsusilə istirahət mövsümündə ərazilərin çirkləndirilməsidir. Gəlin, tullantıları hara gəldi atmayaq və onlara nəzarət edək. Bu mühüm işdə hər kəs öndə getsə, “zibili hara gəldi atmaq” vərdişinin yox edilməsinə çalışsa, ərazilərimizi çirkləndirən kimsə qalmaz.  

Qeyd: “Başlıbelin İnkişafına Dəstək” İctimai Birliyinin Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Təbiətin qorunması üçün icmalarla iş” layihəsi çərçivəsində hazırlanıb. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər. 

Xalid Kazımov

moderator.az 

Комментарии закрыты.