Azərbaycanın Ermənistandan ilk tələbi nədir? — Erməni ekspertdən şərh

Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanla sülh şərtləri haqda açıqlamasını daha bir erməni ekspert şərh edib.

Erməni mediasının iddiasına görə, Bakının 3 şərti var: Ermənistan Konstitusiyasından Azərbaycan ərazilərinə iddia edən maddənin çıxarılması, Zəngəzur dəhlizinin açılması və azərbaycanlıların öz dədə-baba torpaqlarına qaytarılması.

Qeyd edək ki, İlham Əliyev İkinci Şuşa Qlobal Forumunda Minsk Qrupunun buraxılması barədə ATƏT-ə birgə müraciət, Konstitusiyanın dəyişdirilməsi zərurəti haqqında danışmışdı.

Ekspert Ara Poqosyan bildirib ki, azərbaycanlıların geri qaytarılması tələbində Azərbaycan “güvəndiyi ölkənin silahlı qüvvələrinin nəzarəti altında” şərtini də irəli sürür:

“Azərbaycanın tələbləri tam paket halındadır və onların qəbulundan sonra münasibətlərin yumşalmasından bəhs etmək olar”.

Onun iddiasına görə, Qərblə Azərbaycan arasında bu məsələdə vahid yanaşması yoxdur:

“Kollektiv Qərbdə bu məsələdə konsensus yoxdur. Ermənistanın həyati maraqlarına görə Cənubi Qafqazda yeni təhlükəsizlik və logistika konfiqurasiyasının yaradılmasına qarşı çıxan ölkələr var. Fransa və Niderlandın adını xüsusi qeyd edəcəyəm. Azərbaycan isə Fransaya müstəmləkələrin müstəqilliyini dəstəkləməyə yönəlmiş Bakı Təşəbbüs Qrupu ilə təsir göstərir”.

İlham Əliyevin azərbaycanlıların Ermənistana köçürülməsi tələbinə toxunan ekspert bildirib ki, bu, qarşısıalınmaz bir fenomendir və onunla mübarizə aparmaq kifayət qədər çətindir:

“Ancaq erməni xalqı başa düşür ki, bu, Ermənistan dövlətçiliyinin itirilməsinə səbəb ola bilər. Azərbaycanın planına görə, ilk növbədə Konstitusiyaya dəyişiklik edilməli və dəhliz yaradılmalıdır, çünki dəhliz təmin edilməsə, azərbaycanlıların Ermənistanda yaşaması öz mənasını itirəcək. Çünki burada azərbaycanlıların məskunlaşması dəhlizin təhlükəsizliyini də təmin edəcək.

Bundan əlavə, yerli sakinlər tərəfindən onlara qarşı baş verən hər hansı əhəmiyyətsiz, hətta məişət hadisəsi 1974-cü ildə Kiprdə baş verdiyi kimi, türk ordusunun Ermənistan ərazisinə daxil olmasına səbəb ola bilər”.

Комментарии закрыты.