Azərbaycan seyidləri – onlar yəhudidirmi? — İDDİALAR və REALLIQLAR

Son zamanlar mətbuatda seyidlər haqda mübahisəli iddialar yayılır. Bəzi media orqanları, müəlliflər seyidlik, onun mənşəyi barədə bu günə qədər mövcud olan fikirlərin əksi olan iddialar ortaya atırlar. Ümumilikdə isə bu adın islamla, müsəlmanlıqla əlaqəsinin olmadığını iddia edənlər də var. 

Onlardan ən ciddisi Rusiyada yaşayan islamşünas, soydaşımız Heydər Camalın “Qafqaz seyidlərinin yəhudi olması” iddialarının yer aldığı reportajdır. Bakıda yayımlanan və sələfiləri dəstəkləyən bir sıra saytlar bunu sevə-sevə paylaşdılar. 
H. Camal deyib ki, peyğəmbər nəsli və seyidlərin kökü qorunub saxlanılmalıdır: “Peyğəmbərlər insan dənizində ada timsalındadır. Peyğəmbər soyundan olanların kənarda nigaha girməsi neqativ nəticələr verir. Peyğəmbər geni başqa genlərlə qarışmamalı, dinastiya zənciri qırılmamalıdır”. 

H.Camal Azərbaycan seyidləri barədə də danışaraq onların həqiqiliyinə inanmadığını bildirib: “Azərbaycanda qəribə tendensiya yaranıb; deyirlər ki filankəs yarımseyiddir, yəni ya atası, ya anası seyiddir. Yarım seyid olmur. Yaxud tutaq ki, birinin babası, nənəsi seyid olub, o da seyid sayılır. Bu, düzgün yanaşma deyil. İranda, məsələn, yarımseyid olmur, əgər o seyiddirsə, demək atası da, anası da, şəcərəsi də, yeddi arxadan dönəni də seyiddir. Azərbaycanda isə başqa cürdür. Həmin yarımseyidlər cəmiyyət üçün real təhlükə mənbəyinə çevrilib. Onlar ya içirlər, ya kriminala girirlər, ya da hüquq-mühafizə orqanlarına işverənlik edirlər. Azərbaycanda biləndə ki, biri seyiddir, ya yarımseyiddir, mən o adamdan yan keçirdim, uzaqlaşmağa çalışırdım”. 


Heydər Camal müsahibəsində postsovet ərazisində seyid kastası barədə danışarkən bir sıra başqa maraqlı məqamlara da toxunub:
 “Mərkəzi Asiyada idarəedici sinif olan xacələr guya ilk üç xəlifənin- Əbubəkr, Ömər və Osmanın nəslindən olanlardır. O cümlədən Çeçenistanda Deniyevlər, Arsanovlar ailələri nədənsə Qureyşi tayfasından sayılırlar. Həqiqət isə bundan ibarətdir ki, həm Mərkəzi Asiyanın hakim xacələr sinfi, həm də Çeçenistanda şeyx təriqətindən olanlar yəhudi kökənlidirlər. Mən bu məsələlərlə dərindən məşğul olmuşam, İslam Partiyasına rəhbərlik etdiyim dönəmlərdə Tacikistana kimi gedib araşdırmışam. Gəldiyim nəticə budur ki, onlar hamısı 18-19-cu əsrlərdə buralara gəlmiş yəhudilərdir. Ola bilsin bəzisi tez gəlib, bəzisi gec- amma hamısı yəhudilərdir.  Orta Asiya xacələri Qafqaz “şeyxlərinə” nisbətən Yəməndən daha tez gələn yəhudilərdir. Məsələn, orda məşhur Ərəbovlar familiyası var, hamı onları peyğəmbər soyundan sayır. Amma onların yaxın ətrafı öz aralarında yaxşı bilirlər ki, ərəb yox, məhz yəhudi kökənlidirlər. Spesifikdir ki, həmin ailələr sələmçiliklə məşğuldur”.

 Heydər Camal Yəmən yəhudilərinin rus kəşfiyyatı tərəfindən zamanında Şimali Qafqaza seyid adı ilə gətirildiyini və buraya yerləşdirildiyini də iddia edib: “Çarın təhlükəsizlik orqanı olan “Oxranka” gizli əməliyyat keçirdi. Regionda xalqın sakral inam dairəsi dəyişdirildi. Yəmən ərazisindən qüreyşilər adı altında yəhudilər gətirilərək əvvəllər kazakların yaşadığı kəndlərə dolduruldu. Həmin yəhudilərin dili ərəb dili ilə eyni idi. Yəhudilər yerli xalqa özlərini qüreyşi övladları kimi sırımağa başladılar. Dağlılar savadsız olduqlarından buna inandılar. O vaxtdan Qafqazda yəhudilər seyid övladları kimi qəbul olunmağa başladı. Əgər onlara diqqətlə baxsanız, fiziki quruluşlarında heç bir Qafqaz elementi tapmazsınız. Bunlar görünüşcə də sırf yəhudilərdir. Gəlib Qafqaz ərazisində seyid olublar. Bir çoxlarında testosteron azlığı, hormonlarla bağlı problemlər var”… 

Daha sonra azerislam.com saytında verilən məqaləyə istinadla qeyd olunur ki, “Seyid” ərəb sözü olub cənab deməkdir və bunun İslam dini ilə heç bir əlaqəsi yoxdur. Odur ki nə Peyğəmbərimizin (s.ə.s), nə də ondan sonra gələn səhabələrin dövründə İslam dinində belə bir titul olmayıb. Lakin hal-hazırkı dövrdə özlərini seyid adlandıran bir qrup insanlar bu cür adlardan istifadə edib, bəzi avam insanlardan pul qoparırlar. Həmin özlərini seyid adlandıran insanlar iddia edirlər ki, guya Peyğəmbərimizin nəslindəndir. Əgər biz kiçik Azərbaycan dövlətinə baxsaq, görərik ki əksər insanlar iddia edirlər ki, Peyğəmbərin nəslindəndirlər.Eyni zamanda iddia olunur ki, hazırda seyidliyi bildirən Mir sözönü ərəb dilində olmayan sözdür və İslamda belə bir termin yoxdur. Misal olaraq İslam peyğəmbərinin və ya onun övladları olan, İmam Əlinin (ə) və Həzrət Zəhranın (s.ə) övladları arasında ilkin İslam dövründə Mir sözönünün olmadığı qeyd olunur. 
Mövzu geniş müzakirələrə səbəb oldu, mübahisələr doğurdu. Bu mövzuda suallarsa günü-gündən artır. Ona görə də biz də bu mövzunu və qoyulan suallarla bağlı qısa bir araşdırma hazırlamaq qərarına gəldik. 

Doğrudanmı, Qafqazda və Azərbaycanda seyidlər yəhudi əsillidirlər? Seyidlər adlanan şəxslər əslində kimlərdir və İslam dinində onların rolu nədən ibarətdir? Və nəhayət, Mir sözönü hardan gəlir, doğrudanmı o da yəhudi sözüdür? 
Əvvəlcə ondan başlayaq ki, “seyyid” sözü ərəbcədən gəlir, tərcümədə “Cənab” mənasını verir. İndi də ərəb ölkələrində ehtiram əlaməti olaraq insanlara “seyid” deyə müraciət olunur. Ancaq əcəm, yəni ərəb olmayan ölkələrdə, xüsusən də Mərkəzi Asiyada bu termin geniş yayılıb və bir qayda olaraq Peyğəmbərin (s.ə.s) nəslindən, daha dəqiqi İmam Əli (ə) və Fatimə Zəhranın (s.ə) övladlarından olanlar bu cür adlanır. Klassik ədəbiyyatda “seyyidlər” Əlinin (ə) oğlu İmam Hüseynin (ə) nəslindən olanlara deyilir; İmam Həsənin (ə) nəslindən olanlar isə “şəriflər” adlanır. 1916-cı ilə qədər Məkkənin hakimi olan sülalə “şəriflər” adlanırdı; hazırda İordaniyanın Haşimlilər Kralı məhz “şəriflər”in soyundandır. 
Qeyd edək ki, islam dünyasında “seyyidlər” termin olaraq daha geniş  yayılıb. Ancaq əhli-sünnə məzhəblərində və Cəfəri-Şiə məzhəbində bu termini ilə bağlı hökmlər fərqlidir. Sünni ölkələrində, o cümlədən ərəb ölkələrində “seyid”lər, yəni Məhəmməd Peyğəmbərin (s.ə.s) nəslindən olan və ya buna iddia edənlər var. 2010-cu ildə İran prezidentinin “yaşıl hərəkat” üzvlərini səhabə Təlhə və Zübeyrə bənzətməsinə etiraz olaraq Səudiyyə Ərəbistanı məclisinin “seyid” olduğuna iddia edən üzvü İran ali dini liderinə (yeri gəlmişkən, o da seyiddir – K.R) etiraz məktubu göndərmişdi. 

Bundan başqa, Şimali Qafqazda, eləcə də Orta Asiyada “seyidlər” adlanan şəxslər heç də şiələr deyil; əsasən sünnü məzhəbindən olan şəxslərdir. Məsələn, hazırda Azərbaycanda xeyli məşhur olan Qubadlı seyidləri düşünüldüyünün əksinə olaraq, sünnə məzhəbindədir; ancaq onlar da nəsil şəcərələndirəndə “Mir” sözönündən istifadə edilər. Məsələn, Mir Sədi ağa və başqaları… Yaxud da, digər əhli-sünnə məzhəbində olan “seyyidlər” də var. Bunun ən bariz nümunələrindən biri də Seyyid Yəhya Bakuvidir. Yəni “seyid” termini yalnız şiəliklə bağlı deyil.

Ancaq təbii ki, seyidlik daha çox şiəlikdə geniş yayılıb. Bu məsələnin həm tarixi, həm də sosial və eləcə də təbii ki, mənəvi əsasları var. Təbii ki, tarixin gedişində İmam Əlidən sonra onun övladları, yəni 11 imam Onun nəslinin davamçıları idi. İmam Hüseyndən (ə) sonra 12-ci imama qədər, hər imam özündən öncəkinin oğlu idi. İmamların övladları və ya qardaşları və onların övladları Peyğəmbər və İmam Əli (ə) və Həzrət Zəhranın (s.ə) nəslindən olduqları üçün onları “Seyyid”, yəni möhtərəm, ehtiram olunan şəxs adlandırıblar. Hədislərdə onlar Peyğəmbər övladları adlandırılır və bu səbəbdən onlara sədəqə vermək və ya almaları haram buyurulub. Bu səbəbdən də, Cəfəri fiqhində kasıb seyidlərin sədəqə almaması üçün xüms vergisinin bir hissəsi məhz onların təminatı üçün ayrılmalıdır. Bu mənada, seyidlər sədəqə deyil, xümsdən pay alıblar. Bu, Peyğəmbərə (s.ə.s) və İmam Əliyə, Onun həyat yoldaşı, Peyğəmbər qızı Fatimə Zəhraya (ə) ehtiram əlaməti kimi qəbul olunub. Həmçinin, “seyid” şəcərəsi olan ruhanilər adi ruhanilər kimi ağ deyil, qara əmmamə bağlayırlar. 

Bu səbəbdən də seyidlər uzun illər şəcərəsi olan və buna görə seçilən insanlar olub. Ancaq bir insanın seyid olmasını təsdiq edən nəsil şəcərəsi olmalıdır. Bu, bir növ nəsil xəritəsidir və bu şəxslər soy ağacında kimlərin vasitəsilə İmamlara gedib çıxmasını sübut edir. Bu günə qədər də hətta Azərbaycanda bir çox seyid ailələrində nəsil şəcərələri qalır, bir çoxu isə sovet zamanında itib gedib… 

Ancaq islam fiqhi seyidləri ayrı kasta kimi müəyyən etməyib. Yəni Heydər Camalın dediyi kimi, seyidlər kənar adamlarla, yəni seyid olmayanlara qız alıb, qız veriblər. Bu barədə qadağa yoxdur. Qəribə də olsa, bu fikir yalnız kasta sisteminin yayıldığı Hindistanda müşahidə olunur. Orda bəzi qızılbaş seyid ailələri hələ də kənar insanlara qız verməz və ya qız almazlar. Ancaq qalan müsəlman ölkələrində belə bir qadağa yoxdur. Ancaq bir şəxsin seyid olmasını sübut edəcək nəsil şəcərəsi mütləq olmalıdır. Bundan başqa fəqihlərə görə, atası seyid olanlar seyid sayılır, ancaq yalnız anası seyid olanlara bu ad verilə bilsə də, onlar şəriətin nəzərdə tutduğu imtiyaza malik deyillər. Hər iki tərəfdən seyid olanlar isə “Təbətəbai seyyidlər” adlanır. 

Təbii ki, İslam dinində “seyid” və ya kimin hansı nəsildən olması ona imtiyaz qazandırmır. Yalnız hədislərlə Peyğəmbər ailəsinə sədəqə haram edildiyi üçün kasıb, yəni ehtiyaclı seyidlərə xüms vergisindən pay verilə biləcəyi qaydası mövcuddur. Ancaq Qurani — Kərimdə insanların bərabər olduğu, hər kəsin Adəmdən gəldiyi, üstünlüyün isə yalnız təqvada, yəni Allaha olan imanda olduğu qeyd olunur. Hətta Məhəmməd Peyğəmbərin (s.ə.s) Məkkədə zadəgan bir ailədən olan qadını edamdan qurtarmaq üçün xahişə gələnlərə “hətta qızım Fatimə də olsa keçə bilmərəm”, dediyi, bir çox dəfələrində Allah qarşısında hər kəsin bərabər hüquqa malik olduğunu dediyi çoxlu sayda hədislər var. Bu mənada, seyidlik xüsusi dini imtiyaz anlamına gəlmir. Xüsusən də əgər özünə seyid deyən biri dini hökmlərə, İslamın əsas qanunlarına etinasızdırsa, belə adamlar dini baxımdan imtiyaz və ya ehtiram sahibi ola bilməzlər.

Və nəhayət “mir” sözönü barədə. Təbii ki, “mir” söz olaraq ərəb dilindən gəlmir. İslamın ilk illərində belə bir terminin olması isə ümumiyyətlə mümkün deyildi. Çünki o zaman daha çox müsəlman-kafir ayrıcalığı vardı və hər kəs tayfasına görə tanınırdı. Məsələn, Haşimilər, Qureyşilər və başqa tayfalar. Yuxarıda qeyd etdiyim kimi, bu termin zamanla yaranıb. “Mir” sözönü ərəb dilində “əmir” sözündən gəlir. Əmir “seyyid” sözünün sinonimi kimi istifadə olunur; başçı, rəhbər mənasını, hörmətli şəxslərə müraciət zamanı istifadə olunur. Tarixi rəvayətlərdə İmam Əli (ə) əmir kimi qeyd olunur. “Əmirəlmöminin” isə xəlifələrə verilən ləqəb idi, ancaq İmam Əli (ə) bu adla daha çox xatırlanır və rəvayətlərə görə xəlifə olmamışdan çox-çox illər əvvəl də İmam Əli (ə) “əmir” müraciəti ilə çağırılırdı. “Əmir” sözü sonradan “mir” kimi ifadə olunmağa başlayıb və əsasən də ərəb olmayan ölkələrdə bu cür ənənə yaranıb.

 O ki qaldı bu sözönünün yəhudi dilindən gəlməsi iddiasına; düşünürəm ki, bunun əsası yoxdur. Təbii ki, dünya dillərində bir sözün fərqli dillərdə işlənməsi mümkündür. Amma Miroslav və ya Mariya sözünün bizim anlamımızdakı “mir”lə nə əlaqəsi ola bilər ki?  Ən azı, əlaqəsi olduğunu ciddi arqument kimi irəli sürmək olmaz. Ona qalsa ərəbcədə “salam” və yəhudi dilində “şalom” demək olar ki, eyni cür səslənir.

 Azərbaycanda seyidlərin olmasına gəlincə. Təbii ki, ciddi adamlar seyidlərin Azərbaycana 19-cu əsrdə gəldiyini, yəni onların burada daha əvvəl mövcud olmadığını deməz. Çünki tarixi faktlar sübut edir ki, 9-cu əsrin əvvəllərində 8-ci İmam Rzanın (765-818-ci illər) bacısı, 7-ci İmam Musa əl-Kazimin (ə) qızı Həkimə bint Musa ibn Cəfər Bakıya köçüb. Daha dəqiqi, Bakı yaxınlığında, indiki Bibiheybət qəsəbəsinin ərazisində yerləşən kiçik kənddə yaşayıb, sonradan bu kənd Şıx (Şeyx mənasında) adlandırılıb. 

Ancaq həzrət Həkimə Azərbaycana gələn yeganə İmam övladı (və ya bacısı) deyil. Bərdədə hazırda İmamzadə və ya türbə adlanan məzarda 5-ci imam Məhəmməd əl-Baqirin qız nəvəsi İsmayıl dəfn olunub. Bundan başqa, İmam Məhəmməd əl-Baqirin 3-cü oğlu İbrahim İsa (739-cu ildə) Gəncə şəhərinin 7-ci km-liyində yerləşən Göy İmamzadədə dəfn olunub. Hazırda onun məzarı İmamzadə (yəni İmam övladı – K.R.) adlanır. Seyidlərin və ya İmam övladlarının Azərbaycana köçməsi 9-cu əsrin gərgin ictimai-siyasi vəziyyətində İmam övladlarına qarşı təqiblərin olması, üsyanlar və xilafətin təqibləri səbəbindən baş verib. Seyidlər təqiblərdən qaçmaq üçün xilafətin müsəlmanlar yaşayan nisbətən ucqar bölgələrinə pənah aparırlar. Azərbaycana gəlmələri isə burda onlara qarşı müsbət münasibətin olduğunu göstərir.

 Azərbaycanda seyid adına iddia edənlər çox olsa da, araşdırmalara görə, Qarabağda – Laçında bir seyid kəndi olub. Daha bir seyid kəndi isə cənub bölgəsində olub. Digər seyid kəndləri və ya seyid ocaqlarını məhz bu mərkəzlərdən köçənlər qurublar. Təbii ki, Azərbaycan seyidlərinin hamısı məhz 9-cu əsrdə Azərbaycana gəlməyib; böyük ehtimalla sonra illərdə, o cümlədən 19-cu əsrə qədər Azərbaycana seyidlərin köçməsi davam edib. Bunu və ya əksini sübut etmək üçün isə ortaya ciddi tarixi faktlar qoymaq lazımdır. 

Kənan Rövşənoğlu

2015

Комментарии закрыты.