Şuşaya getmək istəyənlər bileti necə ala bilərlər?

İctimaimedia.az xəbər verir ki, bu barədə Elektron Hökumətin İnkişafı Mərkəzinin şöbə müdiri Xəyalə Fətullayeva ARB-24-də yayımlanan “Nə baş verir” verilişində bildirib ki, yaxın günlərdə istifadəyə veriləcək Yolumuzqarabaga.az portalından istifadə çox sadədir. Vətəndaş portala ASAN Login üzərindən daxil olacaq. Portala mobil nömrə, həmçinin ASAN İmza ilə qeydiyyatdan keçmək mümkündür.

O məlumat verib ki, vətəndaş ASAN Loginlə giriş etdikdən sonra gedəcəyi məntəqəni seçir, tarixi və neçə nəfər sərnişin gedəcəyini portala daxil edir. Sonra gediş saatını, avtobusu və əyləşəcəyi yeri seçir.

“Portalda avtobusla bağlı yerlər də göstəriləcək. Vətəndaş avtobusda solda və ya sağda əyləşəcəyi yerini də seçə biləcək. Vətəndaş portala həmçinin elektron poçt ünvanı, mobil nömrəsi və şəxsiyyət vəsiqəsinin FİN nömrəsini daxil etməlidir. Sonra ödəniş səhifəsinə daxil olunacaq. Bu səhifədə portala ASAN Ödəniş sistemi inteqrasiya olunub. Bu səbəbdən rahat və təhlükəsiz bilet alışını həyata keçirə biləcəklər. Axtarış sistemində yerlərin dolu olub-olmadığı da aydın şəkildə vətəndaşa göstəriləcək”.

X.Fətullayevanın sözlərinə görə, bilet e-mail ünvanına PDF formatda göndərilir. SMS üzərindən biletin məlumatları da vətəndaşa göndəriləcək. Biletin alışı zamanı vətəndaş portala FİN daxil etdiyi üçün avtomatik olaraq onun peyvənd pasportu, immunitet sertifikatı, həmçinin aktiv koronavirus xəstəsi olub-olmadığı barədə məlumat əldə olunacaq.