Şəhid olmazdan öncə heç vaxt rahat yaşamadı: Mayor Toğrul Bərxudarovun həyat yoldaşı — VİDEO

3-cü dərəcəli “Rəşadət” ordeni, “Vətən uğrunda” və “Hərbi xidmətlərə görə” medallarına layiq görülən Toğrul Bərxudarovun ailəsi şəhidimizlə bağlı xatirələrini bölüşərək onun qəhrəmanlıq yolundan bəhs edib.

İctimaimedia.az xəbər verir ki, həyat yoldaşı Zəhra Bərxudarova Toğrul Bərxudarovun şəhid olması xəbərini necə alması barədə danışıb:

“Yolda atam zəng edib deyəndə ki, təcili gəl, radara fikir vermə, düşündüm, yəqin, Toğrulun vəziyyəti ağırdır. Yanına gedəndə onu evlərində bayrağa bükülmüş vəziyyətdə gördüm. Övladlarım da atalarının ölüm xəbərini mənimlə bir yerdə öyrəndilər. O vaxt elə qışqırdım ki, oğlumda travma qalıb, yanında kimsə səsini yüksəldəndə əsir”.

Şəhidimizin oğlu Əli Bərxudarlı atasının onun qəhrəmanı olduğunu söyləyib: “Atasız böyüyən şəhid övladlarını başa düşürəm. İstəyərdim ki, atam şəhid olmasın. Yanıma gələrdi, məni qucaqlayardı, deyərdi ki, özünü qoru. İndi tək qalmışam. Biz hələ də bəlkə gələr deyə onun yolunu gözləyirik. Hər dəfə anamın gözyaşlarını görəndə pis oluram, ona deyirəm ki, ağlama”.

Z.Bərxudarova yuxusunda həyat yoldaşının ona təsəlli verməsindən də bəhs edib: “Toğrul şəhid olandan sonra ağır bir əməliyyata girdim. Çox qorxurdum. Əməliyyatdan öncəki gecə yuxuda Toğrulu gördüm. Gəlib əlimdən tutdu, dedi ki, narahat olma, heç nədən də qorxma. Yuxudan ayılanda həmin istiliyi əlimdə hiss etdim. Sanki həqiqətən gəlib əlimdən tutmuşdu”.