«QARABAĞDAKI TƏXRİBATLARIN ARXASINDA RUSİYA DAYANIR» — «Bölgədə müharibə təhlükəsi var…»

“Erməni özbaşına bu qələti edə bilməz. Burada Rusiyanın birbaşa əli var”

“Azərbaycan tərəfindən erməni silahlı qüvvələrinin Qarabağdan çıxarılmasının konkret vaxtı təyin olunmalıdır”

Rusiya sülhməramlılarının müvəqqəti nəzarət etdiyi ərazilərdə Azərbaycana qarşı təxribatlar davam edir. Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Azərbaycan Ordusunun mövqeləri vaxtaşırı ermənilər tərəfindən atəşə tutulur.

Bundan əvvəl, fevralın 4-də isə separatçılar Rusiya sülhməramlılarının çətiri altında Ağdam istiqamətində səngərlər qazmağa başlayıblar. Caliber.az-ın əldə edərək yaydığı görüntülərdə erməni separatçılarının rusların müşayiəti altında işlədikləri aydın görünür. Azərbaycan hökuməti iki gün sonra elə həmin Caliber.az-ın dili ilə belə təxribatlara göz yummayacağın tərəflərə bəyan edir və terrorçulara qarşı “sıfır tolerantlıq” siyasətinin sona çatdığını bildirib.

Xəbərdarlığa baxmayaraq, üzərindən 10 gün keçəndən sonra erməni tərəfi yenidən səngər qazmağa başlayır. Ardınca isə Azərbaycan Müdafiə Nazirliyinin açıqlaması yayılır. Nazirliyin yaydığı məlumatda qeyd olunur ki, Qarabağdakı qanunsuz erməni silahlı dəstə üzvlərinin səngər qazaraq möhkəmlənmə işləri apardıqları müşahidə edilib: “Bölmələrimiztərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlərin qarşısı dərhal alınıb”.

Ardınca isə erməni mənbələri Azərbaycan əsgərlərinin atəş açması nəticəsində bir hərbçinin ağır yaralandığını bildiririr. Azərbaycan Müdafiə Nazirliyi isə bu barədə açıqlamanın təxirbat olduğunu, qarşı tərəfə atəş açmadığını bəyan edib.

Fevralın 16-da ermənilərin daha bir təxribatı haqqında məlumat yayıldı. Belə ki, Tərtərin Suqovuşan yaşayış məntəqəsindən çıxıb Ağdərə-Kəlbəcər yolu ilə Kəlbəcərə gedən Azərbaycana məxsus avtomobil kolonu Ağdərədən keçərkən dayandırılıb. Mülki paltarda olan təxminəm 200-ə yaxın erməni yük maşınlarının hərəkətinə imkan verməyib. Hətta sülhməramlıların qətiyyətsiz müdaxiləsi belə, kömək etməyib və yük maşınları yenidən Suqovuşana qayıdıb.

Bir neçə gün əvvəl isə qondarma “Artsax təhlükəsizlik şurasının” yaydığı məlumata görə, fevral-may aylarında rus sülhməramlılarının müvəqqəti yerləşdiyi Qarabağda silah atıcılığı təlimləri keçiriləcək. Təlimlərin vətəndaşların hərbi vərdişlərinin təkmilləşdirilməsi məqsədilə həyata keçiriləcəyi açıqlanıb. Təlimlərdə qondarma “dövlət idarəetmə orqanlarının”, eləcə də iri qurum və müəssisələrin əməkdaşları iştirak edəcəkləri bildirilib.

Baş verən təxribatları şərh edən politoloq Zərdüşt Əlizadə bildirir ki, bölgədə vəziyyət qeyri-sabitdir: “Eşidəndə ki, hardasa Ermənistan mövqelərindən Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub sizin beyninizdə hansı təsəvvür yaranır, fikir formalaşır? Demək bölgədə vəziyyət qeyri-sabitdir, müharibə təhlükəsi var”.

Zərdüşt Əlizadənin fikrincə, bu da müharibə istəməyən bəşəriyyətin rus sülhməramlılarının bölgədə qalmasını dəstəkləməsinə səbəb olur.

Politoloqun sözlərinə görə, əslində isə atəşkəs rejimi Rusiyanın göstərişi ilə pozulur: “Çünki bu atışmalardan nə Ermənistana, nə də Azərbaycana xeyir gəlir”.

Zərdüşt Əlizadə qeyd edir ki, Rusiya bölgədə vəziyyətə nəzarət etdiyindən, ə atəşkəsin pozulması halında həm erməni, həm də Azərbaycan tərəfə təzyiq imkanı əldə edir: “Rusiya isə öz siyasi məqsədinə çatır. Əslində azərbaycanlılarla ermənilərin birləşməsinin siyasi nəticəsi odur ki, rus getməlidir. Ona görə biz barışmamalı, düşmən olmalıyıq. Ona görə başıboş Azərbaycan jurnalistləri erməniləri, başıboş erməni jurnalistləri isə azərbaycanlıları söyür. Buna da rus baxıb sevinir”.

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov isə bildirir ki, baş verənlərə görə Rusiyanın ciddi məsuliyyəti var: «Məgər biz bunları görmürük? Erməni özbaşına bu qələti edə bilməz. Burada Rusiyanın birbaşa əli var. Burada mən bayaq dediyim iki taktikanın qarşı-qarşıya gəldiyini görürük. Bir tərəfdən biz qayıdırıq, möhkəmlənirik, buna qarşı da Rusiya Fövqəladə Hallar Nazirliyi ermənilərə ev tikir, su borusu çəkir. Amma ermənilər qaçır. Yəni mübarizə davam edir, sadəcə başqa formada».

Onun sözlərinə görə, Azərbaycanın problemləri Rusiya qarşısında qaldırmasından sonra Moskva sözdə buna əməl edəcəyinə söz verəcək, amma əməldə “yox” deyəcək:»Biz buna hazır olmalıyıq. Beynəlxalq münasibətlərdə səmimilik, etibar olmur. Rusiya istəyər ki, ona qarşı çıxan güclü bir ölkə yaranmasın. Ukraynaya baxın. Qərb onu Rusiyaya qarşı necə istifadə edir. Ukraynanın əli ilə Rusiyaya təzyiq edirlər. Yəni hər kəs öz oyununu oynayır».

«Biz nə vaxta qədər gözləməliyik? Bu, nə qədər davam edəcək» sualına cavabında T.Zülfüqarov deyib: «Müharibəni nə vaxt başlamaq qərarı veriləndə bu sualın cavabı tapılacaq. Mən Azərbaycanın iki-üç günlük antiterror əməliyyatları aparacağını istisna etmirəm. Bəlkə də Rusiya hansısa mərhələdə göz yumub belə əməliyyatın baş tutmasına imkan yaradar ki, digərlərinə dərs olsun. Yəni mənsiz sən heç nəsən. Ola bilər ki, Araik itaətdən çıxıb. Bəyəm Rusiya öz dostlarını satmır? Əlbəttə, satır. Mən istərdim ki, daha təmkinli iş görək, itkilərimiz olmasın, Araik də həbsxanada yatsın».

Təhlükəsizlik üzrə ekspert İlham İsmayıl «AzPolitika.info»ya bildirib ki, Rusiya sülhməramlılarının məsuliyyət daşıdığı ərazilərdə baş verən qanunsuz hərəkətlər barəsində Azərbaycanın indiyədək şifahi iradlarının real nəticəsi olmadığından, xəbərdarlıq formasına keçilməli və ictimailəşdirilməlidir.

Onun sözlərinə görə, paralel olaraq qarşı tərəfin münasibət bildirməsi, yəni cavabı da tələb olunmalıdır: “Qayıdan maşın karvanı ləngimədən qeyd olunan marşrut üzrə hərəkətinə davam etməli və heç bir şərt olmadan sülhməramlılardan karvanın son məntəqəyə çatmasının təhlükəsizliyi tələb olunmalıdır. 10 noyabr bəyanatında erməni silahlı qüvvələrinin Qarabağdan çıxarılması maddəsi var. Azərbaycan tərəfindən erməni silahlı qüvvələrinin Qarabağdan çıxarılmasının konkret vaxtı təyin olunmalıdır. Buna əməl edilmədiyi təqdirdə isə genişmiqyaslı anti-terror əməliyyatı keçirməyin onun müstəsna hüququ olduğunu bəyan edilməlidir”. «AzPolitika.info»