“Məndən olsa, Milli Məclisi ləğv edərdim” — Baba Vəziroğlu

Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək namizədlərin bir çoxu artıq müəyyənləşib. Deputat olmaq istəyənlər arasında həm iqtidar, həm müxalifət, həm də bitərəf olan xeyli sayda namizəd var. 

Proseslə bağlı maraq doğuran əsas nüanslardan biri də bu seçkidə namizəd olaraq qeydə alınan şəxslər arasında mədəniyyət adamlarının olmamasıdır. Bəs görəsən, bunun başlıca səbəbi nədir? Mədəniyyət xadimləri niyə deputat olmaq istəmir? 

İctimaimedia.az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan şair Baba Vəziroğlu bildirib ki, ümumiyyətlə mədəniyyət sahəsində tanınan hansısa şəxsin deputat olması düzgün deyil: 

“Mən hələ Milli Məclis buraxılan vaxt bu barədə fikrimi bildirmişdim. Ümumiyyətlə, mədəniyyət sahəsində tanınmış adamların parlamentdə nə işi var? Parlamentdə iqtisadçılar, siyasətçilər, hüquqşünaslar olmalıdır. Ora qanunverici orqandır. Milli Məclisdə Azərbaycanın bu günü, gələcəyi üçün qanunlar işlənib qəbul olunur. Məsələn, heç kimi yox, özümü misal çəkirəm. Baba Vəziroğlu gedib parlamentdə nə deyəcək? Hansı qanuna irad bildirə və ya düzəliş edə bilər? Hansısa qanunun iqtisadi göstəricilərini, hüquqi müstəvidə uyğun olub-olmamasını nə cür anlaya bilər? O cümlədən də, bu sırada digər mədəniyyət xadimləri dayanır. Orada tanınmış mədəniyyət nümayəndələrinin olmaması lap əladır. Mən istəyirəm ki, orada doğrudan da, cavan, dünya siyasətindən, hüququndan və iqtisadiyyatından anlayışı olan insanlar olsunlar. İndiki kimi, göndərilən qanunlara “quş qoymaq” üçün əl qaldıran, düymə basan Milli Məclis olmaz. Parlament bizim prezidentimizə, dövlətimizə layiq olmalıdır. Ölkə başçımız siyasi savadı, politqotluğu və hərətərəfli dünyagörüşü ilə dünyada liderləri arasında ön sıralarda durur. Amma bizim icra strukturları, Milli Məclis vallah ona layiq deyil”. 

Baba Vəziroğlu növbəti seçkilərdən də ciddi nəsə gözləmədiyini qeyd edib:

“Mən çox arzu edirəm ki, indiki Milli Məclisə əvvəlkinə nisbətən tam fərqli və dövlətin, millətin rifahına xidmət edən insanlar seçilsin. Amma açıq deyim ki, heç indiki seçkilərdən də gözüm su içmir. Digər tərəfdən “ataları gedir, övladları gəlir” fikrinə də qatılmıram. Dünyada 7 milyard insan var və heç birinin barmaq izi belə bir-birinə bənzəmir. Elə ola bilər ki, hansısa yartımaz atanın olduqca bacarıqlı və savadlı övladı olar. Uşaqlar atalarına görə cavabdeh deyil. Ona görə belə yanaşmalar düzgün deyil. Yaş senzi də düzgün deyil. 30 yaşında deputat var ki, Milli Məclisə ancaq mürgüləməyə gedir. Eləsi də var ki, 60-70 yaşı olmasına baxmayaraq fərqli və yenilikçi yanaşma göstərir. Sönmüş, bitmiş insanların parlamentdə oturmasının heç bir mənası yoxdur. Formal Milli Məclis heç kimə lazım deyil. Məndən olsa, parlamenti ümumiyyətlə ləğv edərdim. Çünki Prezident administrasiyasının hüquq şöbəsi var və bütün qanunlar orada hazırlanır. Oradan da prezidentdə yönləndirərdilər və qanunlar da bu qədər uzun yol keçməzdi”.