Hər şey nüvə müharibəsinə doğru gedir: Bəşəriyyəti yeni «Buz dövrü»nə kim daşıyacaq?

Son günlər Rusiya ilə Ukrayna arasında yaranmış gərginliyin müharibə ilə bitəcəyinə dair xəbərlər yayılır. Rusiyanın Ukraynaya hücumuna dair dəqiqi tarix səsləndə də, Kremldə belə proqnozları Qərbin yeni təxribatı kimi qiymətləndirirlər.Qərb mediası isə artıq hər şeyin nüvə müharibəsinə doğru getdiyini yazır. Amma bu heç də dünya üçün yaxşı nəticələnməyəcək.Ekspertlər belə qənaətə gəliblər ki, NATO və ABŞ-ın Ukraynaya görə Rusiya ilə açıq qarşıdurmaya girməsi bütün dünyanı yeni «Buz dövrü»nə qərq edə bilər.

Məsələn “The Nation” jurnalında dərc olunan təhlildə qeyd edilir ki, ehtimal olunan münaqişə Ukrayna hüdudlarından kənara çıxsa, bu, nüvə gücləri arasında genişmiqyaslı müharibəyə çevrilə bilər.

Ekspertlər ilkin olaraq müharibənin adi silahların tətbiqi ilə aparılacağını proqnozlaşdırırlar. Lakin gec-tez məğlub olan tərəf nüvə silahından istifadə etmək qərarına gələ bilər. Analitiklər vurğulayırlar ki, həm Rusiya, həm də Amerikanın hərbi doktrinaları bu varianta tam imkan verir. Onların hesablamalarına görə, hazırda Rusiyanın 1900 taktiki, 1600 strateji nüvə başlığı var. Bütün bu nüvə başlıqlarının tam şəkildə döyüşə və istifadəyə hazır vəziyyətdə olduğu iddia edilir.


NATO üzvü olan ölkələrə gəlincə, Fransanın 280 , Böyük Britaniyanın 120 , ABŞ-ın 100 ədəd B-61 taktiki nüvə bombası var ki, bunlar Belçika, Almaniya, İtaliya, Hollandiya və Türkiyədəki hərbi bazalarda yerləşdirilib. Bundan əlavə, ABŞ öz ərazisində 1650 strateji nüvə başlığı yerləşdirib.

Məqalə müəllifləri belə bir silah arsenalının istifadəsinin dəhşətli nəticələrinə diqqət çəkiblər. Məsələn, ötən illərin araşdırmalarından birinin təhlili zamanı ekspertlər belə qənaətə gəliblər ki, ilk 30 dəqiqə ərzində Rusiyanın 1600 nüvə başlığının 300-ü Amerika torpaqlarında partladıqdan sonra qurbanların sayı bir anda 78 milyon nəfərə çatacaq.

— Bütün iqtisadi infrastruktur, elektrik və internet şəbəkələri, qida paylama, nəqliyyat, səhiyyə sistemləri məhv olacaq. Yaşayış üçün bütün minimum şərait tüstü içində məhv olacaq. Bir neçə aydan sonra zərbələrdən sağ çıxan amerikalıların əksəriyyəti aclıqdan və xəstəlikdən öləcək, — ekspertlər yazır.

Eyni zamanda, onlar ABŞ-ın Rusiyaya nüvə zərbələri endirməsinin də oxşar nəticələr verəcəyini vurğulayırlar.

— Dünyada nüvə münaqişəsinin iqlim və ətraf mühit üçün yarada biləcəyi fəsadlar daha dəhşətli görünür. Nüvə münaqişəsi atmosferə 150 ​​milyon ton kül buraxacaq və Yerdəki temperatur Buz dövründən bəri ən aşağı səviyyəyə enəcək. Bunun nəticəsi isə bəşər sivilizasiyasının sonu deməkdir,-nəşr yazıb.

Sonda qeyd edilir ki, ABŞ-ın yürütdüyü xarici siyasətdəki yanlışlıqlar bütün dünyanı belə vəziyyətə sala bilər.

— Birləşmiş Ştatlar Moskva ilə münasibətlərin inkişafına xüsusi diqqət yetirməli, Rusiyaya “balaca” kimi yanaşmamalıdır. Rusiyanın maraqlarına etinasızlıq ABŞ-ın özü üçün çox təhlükəlidir,-yazıda vurğulanıb.

Analitiklər onu da qeyd ediblər ki, bütün iqtisadi problemlərinə baxmayaraq bu gün yalnız Rusiya ABŞ-ı yer üzündən tamamilə silməyə qadir olan ölkə sayılır. Eyni zamanda, qərbli ekspertlər xatırladırlar ki, müasir nüvə münaqişəsinin qalibi yalnız bütün bəşəriyyətin külündən olan təpənin üstündə “fəxri yer” tuta biləcək.

Qeyd edək ki, son aylar Rusiya ilə Qərb ölkələri arasında Ukrayna məsələsinə görə gərginlik yaranıb. Bu beynəlxalq hərbi-siyasi gərginliyi «Ukrayna böhranı» da adlandırırlar. NATO və ABŞ rəsmiləri Rusiyanın Ukrayna ilə sərhədə 100 mindən çox qoşun toplamasını Moskvanın qonşusunu işğala hazırlaşması ilə əlaqələndirib.

Rusiya rəsmiləri isə silahlı qüvvələrini öz ərazisində yerdəyişmə etmək üçün suveren hüquqa malik olduğunu bəyan edərək bu cür hərbi gedişlərin, heç kimi təhdid etmədiyini söyləyirlər. Hətta son günlər təlimləri başa vuran bölmələrin bir hissəsi ölkənin qərb bölgəsindən daimi dislokasiya bölgələrinə geri qaytarılıb. Buna baxmayaraq ABŞ və bəzi Avropa ölkələri Ukraynada yeni münaqişənin başlanacağı təqdirdə Rusiyanı “görünməmiş sanksiyalarla” hədələyir. Bütün bunların fonunda Şimali Atlantika Alyansı da Şərqi Avropada mövcudluğunu gücləndirir.
AzVision.az