Alim çağırış etdi: Onların şəkillərini silin!

Bir müəllim, bir alim və bir insan olaraq hər kəsdən xahiş edirəm, onların şəkillərini silin!

Bu sözləri tarixçi alim, dosent Zaur Əliyev Vikipediyadan 3 min şəhidimizin məqalələrinin silinməsində baiskar olduqları bildirilən gənclər haqda çağırışında deyib.

O bildirib ki, Vikipediyadan sözügedən səhifələri silən gənclər hazırda yenidən onları bərpa etməyə başlayıblar:

“Səhv ediblər, bəllidir, amma onlar təsirə düşüblər və bu təsirə düşməkdə günah da ölkəmizdə istedadlı gənclərin görməzdən gəlinməsidir. Bu gənclərin fotoları paylaşılır və həddən ağır söyüşlər və təhdidlər edilir. Bu, zorakılıq sayılır və Allah uzaq eləsin, o gənclərə bir daş belə dəysə, bunun günahkarlarından biri sizlər ola bilərsiniz.

Səhvlər olur, amma bu, onları linç etmək üçün əsas vermir. Xahiş edirəm, kütləvi psixioza səbəb olmadan o gənclərin şəkillərini sosial şəbəkələrdən silin! Tənqid edin, sözünüzü deyin, amma təhdid yolverilməzdir və şəkillərin paylaşılması onları hədəfə çevirir. Bu gənclərin etdikləri yanlışdır, amma bu formada onlardan qisas almaq olmaz.

Gəlin birlikdə odun üstünə su tökək və inanıram ki, bu gənclər bir daha belə iş görməyəcəklər. Ediblər, səhvdir və ağır günah qazanıblar. Elə bu günah onların cəzası olacaq. Biz insanlar isə mütləq şəkildə hansı formada olur olsun, zorakılıqdan uzaq durmalıyıq….

Biz böyük xalqıq, bir-birimizi qorumaq lazımdır”.

Qeyd edək ki, sözügedən gənclərdən olan Ayxan Zayedzadənin artıq məqalələrin bərpası istiqamətində aktiv fəaliyyətə başladığı bildirilir.