5 manatlıq aktyor jurnalistləri bəyənmir…

Yaşı 42-ni haqlasa da, ilk dəfə mərhum Xalq artisti Yaşar Nurinin ünvanına xoşagəlməz ifadələr işlətməklə gündəmə gələn aktyor Nofəl Şahlaroğlu yenə “quşu gözündən vurub». Yox, bu dəfə hansısa korifey sənətkara, aktyora “raqatka” tuşlamayıb, Nofəl bəy bu dəfə jurnalistlərin bostanına daş atıb. Amma “raqatka”sının rezini çürük olduğu üçün daş ünvanına çatmayıb, yarı yolda qalıb. Buna görə də özünə qaytarmağı lazım bildik. 

Azərbaycan tamaşaçısının son illər, daha dəqiq desək, müstəqillik dövründə çəkilən film və tamaşalardan narazı qalmağa haqqı var. Beş-üç ortabab ekran əsərini çıxmaqla, tamaşaçıya bədii və estetik cəhətdən onu qane edəcək hər hansı məhsul təqdim edilməyib. Bunun tək günahı son vaxtlar həvəslə “daşlama əməliyyatı”na girişən Nofəl Şahlaroğlunda deyil. Nofəl kimdir ki, tamaşaçı ondan yaddaqalan ekran əsəri, ölməz obraz gözləsin. Yaşar Nurinin adını gey obrazında hallandırmasaydı, Siyavuş Aslanın “Hicran” tamaşasında yaratdığı məşhur rolu aşağılamasaydı, şəxsən mənim belə bir aktyorun varlığından xəbərim olmazdı… 

Tənqid inkişafa xidmət edir, ədəbiyyatda da, mədəniyyətdə də sağlam, qərəzsiz, obyektiv tənqidə əlahiddə ehtiyac var, amma bir şərtlə ki, başqasını tənqid edən adam əvvəl aynaya baxmalıdır. Ki, onun kiməsə irad tutmağa, kiminsə yaradıcılığını təftiş etməyə haqqı varmı? 

Mən baxdım. Aynaya baxmadım, Nofəl Şahlaroğlunun son vaxtlar gördüyü işlərə, göstərdiyi fəaliyyətə baxdım, hansısa bir mağazada ucuz, 5 manatlıq paltarları necə ürəklə reklam etməsinə baxdım. Bığ yeri yenicə tərləmiş müxbirimiz dedi ki, o, bu reklama görə çox deyil, cəmi 5-6 manat qonorar alır.

5 manatlıq aktyorun bütövlükdə Azərbaycan jurnalistikasını hədəf alması, hansısa qeyri-peşəkar qələm adamına görə mətbuatı gözdən salması ayrı bir dərddir.

5 manatlıq aktyora vaxt ayırmaq, onun haqda yazmaq isə daha ağır dərddir…

Seymur VERDİZADƏ 

Комментарии закрыты.